2011-ci il ərzində qiymətli kağızlar bazarı fəaliyyətini qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda davam etdirmişdir. Bu amillər qiymətli kağızların ilkin və təkrar bazar əməliyyatlarının sayına və həcminə, habelə qiymətli kağızların gəlirliyinə təsir göstərmişdir. Nəticədə, cari il ərzində bazarın bütün seqmentləri üzrə canlanma müşahidə olunmuş və 2011-ci il ərzində qiymətli kağızlar bazarında əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz, əməliyyatların həcmi isə 3,8 dəfə artaraq 8862 milyon manat təşkil etmişdir.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarının dinamikasında yüksək artım templəri müşahidə edilmiş və özəl sektorun qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə təşəbbüsləri genişlənmişdir. Belə ki, 2011-ci il ərzində korporativ qiymətli kağızlar bazarında əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz, əməliyyatların həcmi isə 2,7 dəfə artaraq 2144 milyon manat təşkil etmişdir. Korporativ qiymətli kağızlarla əməliyyatların 48 faizini səhmlər, 52 faizini isə korporativ istiqrazlar təşkil etmişdir.
2011-ci il ərzində səhm bazarında əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz, əməliyyatların həcmi isə 2 dəfə artaraq 1029 milyon manat təşkil etmişdir. Dövr ərzində korporativ istiqrazların ilkin və təkrar bazarı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 1115 milyon manat təşkil etmişdir. Hesabat dövründə borc alətləri vasitəsilə maliyyələşmə imkanlarına marağın artması da müşahidə olunmuşdur. Belə ki, cari il ərzində korporativ borc bazarının ilkin bazarında əməliyyatların həcmi 4 dəfə artaraq 584,7 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində pul siyasətinin antiinflyasiya xarakteri alması ilə dövlət qiymətli kağızlar bazarının həcmi əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, cari il ərzində dövlət qiymətli kağızlar bazarında əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə, əməliyyatların həcmi isə 4,4 dəfə artaraq 6717 milyon manat təşkil etmişdir. Dövlət qiymətli kağızlar bazarında əməliyyatların 4 faizini Maliyyə Nazirliyi tərəfindən emissiya olunan dövlət istiqrazları, 10 faizini Mərkəzi Bankın notları, 86 faizini isə qiymətli kağızlarla repo əməliyyatları təşkil etmişdir.
2011-ci il ərzində sterilizasiya alətləri olan Mərkəzi Bankın notları ilə əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 faiz, notlarla əməliyyatların həcmi isə 2,9 dəfə artaraq 655 milyon manat təşkil etmişdir. Cari il ərzində dövlət istiqrazlarının ilkin və təkrar bazarının həcmi 38,5 faiz azalmış, lakin müxtəlif müddətli istiqrazların gəlirlikləri üzrə artım müşahidə olunmuşdur. Hesabat dövrü ərzində repo əməliyyatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 86 faiz, əməliyyatların həcmi isə 6,9 dəfə artaraq 5781 milyon manat təşkil etmişdir. Hesabat dövrü ərzində repo əməliyyatlarının 99 faizi Mərkəzi Bankın notları, 1 faizi isə dövlət istiqrazları vasitəsilə həyata keçirilmişdir.